Fələstin-İsrail müharibəsi: son gündəm məsələləri

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının II kurs tələbəsi, Gənclərin Töhfəsi İctimai Birliyinin Diplomatiya klubunun üzvü Aygül Əhmədli “Fələstin-İsrail müharibəsi: son gündəm məsələləri” sərlövhəli məqaləni qələmə alıb.

Auditoriya.az məqaləni olduğu kimi təqdim edir:

“2023 –cü il oktyabrın 7-də HƏMAS silahlı qruplaşmasının İsrailə qarşı başladığı hücum əməliyyatları 100 gündən çoxdur ki, öz gərginliyi ilə davam edir. Fələstin-İsrail müharibəsi və bununla bağlı son xəbərlər gündəmdə xüsusi yer tutmaqdadır. Hər iki tərəf ağır itkilər versə də, heç bir tərəf güzəştə getmək istəmir. Həlak olanların sayı getdikcə artır, müharibənin nə vaxt bitəcəyi isə heç kimə məlum deyil. Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət ağır və humanitar nöqteyi-nəzərdən fəlakətli olaraq qalır. Qəzza Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, 7 oktyabrdan bəri həyatını itirənlərin sayı 27.365 nəfərə çatıb. Müharibədə günahsız uşaqlar, qadınlar, qocalar həlak olmaqda davam edir. Məlumatlara görə, daha 66.630 nəfər xəsarət alıb. Müharibənin gərgin hal alması bir çox dövlətləri narahat edir. Belə dövlətlərdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Amerika Birləşmiş Ştatları HƏMAS-ın İsrailə qarşı hücumunu pisləyən dövlətlərdən biridir. ABŞ dövlət katibi Antoni Blinken dəfələrlə bölgəyə səfər edib. Görüşlərin ən əsas məqsədi Qəzzada vəziyyətin sabitləşməsi və atəşkəs üçün diplomatik danışıqların başlaması hesab olunur. Blinken bir müddət öncə hər şeyin HƏMAS-ın əlində olduğunu vurğulayıb: “Fələstin radikal hərəkatı silahı yerə qoyub girovları azad etsə, münaqişə sabah bitə bilər”.

ABŞ dövlət katibi Antoni Blinken 4-8 fevral tarixlərində Yaxın Şərqə 5-ci dəfə səfər etməyi planlaşdırır. Blinken Səudiyyə Ərəbistanına, Misirə, Qətərə, İsrailə, eləcə də İordan çayının qərb sahilinə səfər edəcək. Dövlət katibi bütün girovların azad edilməsi, Qəzzaya yardımın göstərilməsi, humanitar atəşkəsə nail olmaq üçün razılıq əldə edilməsinə çalışacaq, bunun üçün diplomatik səy göstərəcəkdir.

Hazırda tərəflər arasında döyüşlər çox təəssüflər olsun ki , davam edir. Ümidvarıq ki , hər iki tərəf tezliklə daimi sülh üçün danışıqlara başlayar və minlərlə günahsız uşağın həlak olduğu müharibə tezliklə başa çatar. Mövcud problemlərin həlli dinc , sülh yolu ilə tapılmalı və müharibəyə tez bir zamanda son qoyulmalıdır”.