Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi ilə yanaşı, bu münasibətlərin iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə konkret layihələrlə möhkəmləndirilməsidir. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”nin, daha sonra isə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması əlaqələrin hüquqi və siyasi əsaslarını yeni mərhələyə çıxarıb.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsi ikitərəfli əlaqələrin ən mühüm siyasi nəticələrindən biridir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri və 2025-ci ildə Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər bu prosesə hüquqi-siyasi məzmun verib. Bu münasibətlərin arxasında iqtisadi layihələr, qarşılıqlı investisiyalar, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək dayanır.

Azərbaycan və Özbəkistanın əhali, sənaye, kənd təsərrüfatı, enerji və tranzit imkanları nəzərə alındıqda qarşılıqlı ticarətin daha yüksək səviyyəyə çatması üçün geniş potensial mövcuddur. 2026-cı ilin ilk beş ayında ticarət dövriyyəsinin daha 33 faiz artması isə bu dinamikanın davam etdiyinin göstəricisidir. Burada əsas məsələ yalnız ticarətin həcmini artırmaq deyil, onun strukturunu da dəyişməkdir. Xammal və hazır məhsul mübadiləsindən daha çox birgə istehsal, texnologiya, sənaye kooperasiyası və yüksək əlavə dəyər yaradan layihələrə keçid münasibətlərin yeni mərhələsini formalaşdıra bilər.

Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılması iki ölkənin iqtisadi münasibətlərində mühüm institusional yenilikdir. Belə bir mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, investisiya əməkdaşlığı ayrı-ayrı şirkətlərin təşəbbüsündən çıxaraq daha sistemli xarakter alır. Sənaye, kənd təsərrüfatı, logistika, turizm və digər sahələrdə yeni layihələrin maliyyələşdirilməsi iki ölkənin biznes mühitinin bir-birinə daha sıx bağlanmasına imkan yaradır. Bu proses qarşılıqlı investisiyaların artmasına, yeni istehsal müəssisələrinin yaradılmasına və iki ölkənin iqtisadiyyatları arasında daha sıx əlaqələrin formalaşmasına şərait yaradır. Dövlətimizin başçısı müsahibədə qeyd edib: “Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik”.

Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığı artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. İki ölkənin yaşıl enerji sahəsində əməkdaşlığı yeni strateji istiqamət kimi formalaşır. Azərbaycanın bərpaolunan enerji potensialı ilə Mərkəzi Asiyanın enerji imkanlarının əlaqələndirilməsi gələcəkdə regional enerji bazarının strukturuna ciddi təsir göstərə bilər. Xüsusilə bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə nəqli ideyası Cənubi Qafqazla Mərkəzi Asiyanı enerji baxımından daha sıx bağlamaq potensialına malikdir. Bu əməkdaşlıq Azərbaycanın enerji ixracatçısı kimi rolunun transformasiyasına da töhfə verəcəkdir. Prezident İlham Əliyev vurğulayıb: “Yaşıl enerji sahəsində əməkdaşlığımız davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb”.

İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki xalq arasında qardaşlığın konkret ifadəsidir. Eyni zamanda 100 hektarlıq “Dostluq bağı”nın yaradılması Azərbaycan və Özbəkistan arasında aqrar əməkdaşlığın simvolik nümunəsidir. Bu layihələr dost ölkənin Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsi prosesinə mənəvi və praktiki dəstəyinin ifadəsidir. Füzuli bu baxımdan iki xalqın gələcəyə yönəlmiş əməkdaşlığının təntənəsinə çevrilir.

Azərbaycan və Özbəkistan münasibətlərinin hazırkı səviyyəsi gələcək üçün kifayət qədər geniş imkanlar yaradır. Ticarət dövriyyəsinin daha da artırılması, yeni sənaye müəssisələrinin yaradılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması, nəqliyyat əlaqələrinin gücləndirilməsi və turizm əlaqələrinin inkişaf etdirilməsi qarşıdakı dövrün əsas istiqamətləri olacaqdır. Bununla yanaşı, təhsil, elm, media, mədəniyyət və gənclər arasında əlaqələrin genişləndirilməsi siyasi və iqtisadi tərəfdaşlığın sosial bazasını daha da gücləndirəcəkdir.

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini