Bəzən elə səfərlər olur ki, insan yalnız yeni yerlər görmür, həm də qəlbində xüsusi izlər daşıyaraq geri qayıdır. Mənim üçün Laçın, Zəngilan, Füzuli və Şuşaya səfər məhz belə oldu. Dörd gün ərzində bu gözəl torpaqlarda oldum, uzun müddətdir görməyi arzuladığım yerləri ilk dəfə yaxından tanıdım və unudulmaz anlar yaşadım.
Zəngilan Şəhər Günü və Zəngilan Plov Festivalına dəvət sayəsində baş tutan bu səfər mənə həm yeni məkanları kəşf etmək, həm də doğma torpaqlarımızın gözəlliyini yaxından hiss etmək imkanı verdi.
Səfərimizin ən təsirli məqamlarından biri 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri təcəssüm etdirən Zəfər parkını ziyarət etmək oldu. Orada dayanarkən insan qürurla yanaşı, dərin duyğular yaşayır. Bu torpaqların hər qarışının nə qədər qiymətli olduğunu, onların tariximizdə və yaddaşımızda hansı yeri tutduğunu daha dərindən hiss edirsən.
Şuşa isə öz möhtəşəmliyi ilə məni heyran etdi. Bu şəhərin hər küçəsində, hər guşəsində ayrı bir gözəllik, ayrı bir tarix var. Şuşanı gəzmək, onun havasını udmaq, küçələrində addımlamaq tamam başqa hissdir. Bəzi yerləri sözlə ifadə etmək çətindir, onları sadəcə yaşamaq lazımdır.
Zəngilanda Ağalı kənd tam orta məktəbində də olduq, şagirdlərlə tanış olduq. Məktəbdə yaradılan şərait, uşaqların vahid geyim formasında olması və təhsil üçün təqdim edilən imkanlar məni çox sevindirdi. Qısa müddət ərzində bu torpaqlarda belə müasir və gözəl şəraitin qurulduğunu görmək insanda böyük məmnunluq yaradır. Ən əsası isə burada uşaqların gülüşünü, onların gələcəyə ümidlə baxdığını görmək çox xoş idi.
Laçın, Zəngilan, Füzuli və Şuşanın hər birinin özünəməxsus gözəlliyi var. Bu yerləri gəzərkən həm təbiətin möhtəşəmliyinə heyran qaldım, həm də doğma torpaqlarımızın insan üçün nə qədər əziz olduğunu bir daha anladım.
Səfərimizin daha bir gözəl tərəfi isə həmkarımız, bloger Çiçək Gəraylı ilə birlikdə bu torpaqları kəşf etmək oldu. Qarabağlı qız kimi Çiçək xanım bizi doğma torpaqlarımızın ən maraqlı və gözəl məkanları ilə tanış etdi. Onun bələdçiliyi ilə Laçını, Zəngilanı, Füzulini və Şuşanı gəzmək səfərimizi daha maraqlı və yaddaqalan etdi.
Daha sonra Çiçək xanımın evində qonaq olduq. Sağ olsun, bizi o qədər səmimi və mehriban qarşıladı ki, özümü sanki doğma evimdə hiss etdim. Onun ailəsinin qonaqpərvərliyi, isti münasibəti və səmimiyyəti məni çox təsirləndirdi. Bəzən bir insanla tanışlıq, bir evdə qonaq olmaq da səfərin ən gözəl xatirələrindən birinə çevrilir. Mənim üçün bu görüş də məhz belə oldu.
Bu dörd gündə ən çox xoşuma gələn məqamlardan biri də insanların səmimiyyəti və qonaqpərvərliyi idi. Getdiyimiz hər yerdə xoş münasibət, mehribanlıq və isti qarşılanma gördük. Bu torpaqlardan yalnız gözəl şəkillər və xatirələrlə deyil, həm də böyük sevinc və qürur hissi ilə ayrıldım.
Məndən soruşsalar ki, yenidən gedərəmmi, cavabım qətidir: dəfələrlə gedərəm! Çünki bu torpaqları görmək, havasını udmaq, insanları ilə tanış olmaq və onların gözəlliyini yaxından hiss etmək tamam başqa duyğudur.
Bu səfər mənim üçün həm uzun müddətdir arzuladığım yerləri görmək, həm yeni xatirələr toplamaq, həm də gözəl insanlar tanımaq baxımından çox dəyərli oldu. Laçın, Zəngilan, Füzuli və Şuşa yaddaşımda xüsusi yer tutacaq. İnanıram ki, bu torpaqlara yenidən qayıdacaq, onların gözəlliyini bir daha yaşayacaq və hər səfərdən yeni təəssüratlarla ayrılacağam.





