Faktiki olaraq, bu gün apardığımız mübarizənin əsas qayəsi müasir, müstəqil Azərbaycan Respublikasının bütövləşməsi, möhkəmlənməsi naminədir. Eyni zamanda, bu mübarizəmizlə bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdiririk. Bəllidir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyev də, Azərbaycan hökuməti də, işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad etmiş əsgərimiz də, bir sözlə, bütün vətəndaşlarımızın bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbərdir. Bölgəsindən, milliyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirib. Ölkə Prezidenti, cənab cənab İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da, son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident, həm ölkə daxilində, həm də, beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi, amma bunun əksinə olaraq Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi münaqişənin hərbi yolla həll olunmasından başqa variantının olmadığını ortaya qoydu. Bu sözlərin cavabını isə, ölkə Prezidenti, cənab İlham Əliyev Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi. Əslində, Ermənistan rəhbərliyinin cənab Prezident İlham Əliyevin qarşısında çarəsiz duruma düşməsi birinci dəfə deyildi. Münhen şəhərində baş tutan debat zamanı İlham Əliyev bütün dünyanın gözü qarşısında Nikol Paşinyana tarix və siyasət dərsi vermişdi. 44 gün ərzində isə, bu dərsi Şanlı Ordumuz Vətən müharibəsində tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar, həm texniki imkanlar, həm də, operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu yeni nəsil müharibə üsulu idi. Bildiyimiz kimi strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu. Böyük Qələbənin əldə olunmasında bütün qoşun növlərinin öz xidmətləri vardır. 44 gün ərzində ərazilərimizin işğaldan azad olunmasında xüsusi təyinatlı qüvvələrin əvəzsiz xidmətləri olmuşdur. Aviasiya və pilotsuz uçuş aparatlarından səmərəli istifadə isə, itkilərimizin minumuma endirilməsinə səbəb olmuşdur. Döyüş əməliyyatlarında Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlıqları haqqında hər gün yeni-yeni faktlar oxuyuruq. Ordumuzun 400 nəfərlik rəşadətli xüsusi təyinatlı qüvvələri Şuşada möhkəmləndirilmiş 3000-dən çox erməni döyüşçüsünün bir hissəsini məhv etmiş, qalan hissələrini isə, qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşa şəhəri, Rəşadətli Azərbaycan Ordusu tərəfindən bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük ziyan vurmadan azad edildi. Doğrudan da, Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun iqtisadiyyatının, daxili və xarici siyasətinin hərbi qüdrətinin, beynəlxalq münasibətdə mövqeyinin vəhdətinin təcəssümü idi. Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmaq fikrində deyildi və nəyin bahasına olursa-olsun torbaqlarımızı mənfur düşməndən azad etmək iddiasından bir addım belə geri çəkilməmişdi. 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan, ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. 27 sentyabr 2020-cı ildə Azərbaycan Respublikası düşmənin ardı-arası kəsilməyən təxribatlarının qarşısını almaq üçün son kəskin addımını atdı. Bununla da düşmən heç gözləmədiyi layiqli cavabını aldı. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusunun rəşadəti, uğulu hərbi əməliyyatları nəticəsində Kəlbəcər rayonunda, Murovdağda, Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən azad edildi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra, yalnız irəli getdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək Cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür, işğaldan azad olunan hər qarış torpağın uğrunda itkilərimiz oldu və 3000-ə yaxın Şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu, ancaq xalqımızın iradəsini qıra bilmədi. “Dəmir Yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi. Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini, 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da, “Dəmir Yumruq” əməliyyatı sona çatdı, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Şanlı ordumuz Azərbaycan xalqını qalib etdi, döyüş meydanında Xocalı qatillərini məhv etdi. Beləliklə, xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il 08 noyabr tarixi “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilməyə başlandı. Azərbaycan dövləti bu Zəfəri, həm döyüş meydanında, həm də, siyasi müstəvidə qazandı. Öz Liderinin, öz Ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində Zəfər əldə etdi. Biz, öz qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində torplaqlarımızı işğaldan azad etdik. Beləliklə, əldə etdiyimiz bu tarixi Zəfər, torpaqlarımızın azad edilməsi, həm də, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun Zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Vətən müharibəsi Azərbaycan xalqının, onun Liderinin və Şanlı Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi