Laçın rayonu Azərbaycanın tarixi abidələri, zəngin mədəni irsi və füsunkar təbiəti ilə seçilən bölgələrindən biridir. Digər işğal olunmuş ərazilərimiz kimi, Laçının da tarixi-mədəni irsinə qarşı Ermənistan tərəfindən məqsədyönlü şəkildə vandalizm siyasəti həyata keçirilib, tarixi abidələr dağıdılıb və talan edilib. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparılıb.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir, şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması istiqamətində mühüm layihələr icra olunur.
Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. Bundan əvvəl isə 9 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
Şuşadan sonra işğal olunan ikinci rayon olan Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rayonun işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi əlaqənin yaradılmasına səbəb olub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. Rayonun 79,1 min nəfərdən ibarət əhalisi Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmağa məcbur olub.
İşğal nəticəsində rayonda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə müəssisəsi, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. Həmçinin 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndindəki məscid və Zabux kəndindəki qədim qəbiristanlıq həmin abidələr sırasındadır. Laçın Tarix Muzeyi də talan edilib, muzeyin qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası məhv edilib və ya talan olunub.
Qeyd etmək lazımdır ki, Ermənistan Cenevrə Konvensiyalarından irəli gələn öhdəlikləri pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin talan edilərək mənfəət mənbəyinə çevrilməsi və qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Əsasən Suriyadan olan erməni əsilli şəxslərin bölgəyə yerləşdirilməsi yolu ilə ərazinin demoqrafik tərkibinin dəyişdirilməsinə cəhd göstərilib.
Hazırda Laçın istiqamətində dövlət sərhədlərinin möhkəmləndirilməsi, rayon ərazisində müxtəlif təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası istifadəyə verilib. Stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndinin, Laçın rayonunun cənub hissəsinin və ərazidə yerləşən digər infrastruktur layihələrinin enerji təminatına xidmət edir.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər–Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun inşa edilən yolun hərəkət hissəsinin eni 9–16 metr təşkil edir. İki və dörd hərəkət zolağından ibarət olacaq yol boyunca alt keçidlərin və körpülərin inşası nəzərdə tutulur. Yol üzərində ümumi uzunluğu 9 450 metr olan üç tunelin tikintisi də həyata keçirilir.
Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə də başlanılıb. Qorçu kəndi ərazisində inşa edilən Laçın Beynəlxalq Hava Limanı bölgənin sosial-iqtisadi inkişafına, turizm potensialının artırılmasına və nəqliyyat imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.
Strateji əhəmiyyətə malik olan Laçın Hava Limanı, eyni zamanda, regionda logistika imkanlarının genişləndirilməsinə xidmət edəcək. Hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən hava limanı olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr təşkil edəcək hava limanında 6 təyyarə dayanacağının yaradılması nəzərdə tutulur. Aeroportun istifadəyə verilməsi Kəlbəcər rayonuna və ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi də asanlaşdıracaq.
Şükürlər olsun ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın bu gün yenidən Azərbaycanın ən gözəl və abad bölgələrindən birinə çevrilir. 31 ildən sonra Laçın sakinləri doğma yurdlarına qayıdır, doğma torpaqlarında yenidən həyat qururlar. Artıq yüzlərlə Laçın sakini şəhərdə məskunlaşıb və öz doğma yurdunda yaşayır.
Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurda qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biridir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər sürətlə davam edir, Böyük Qayıdış proqramı uğurla icra olunur.
Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə qayıdan sakinlər illərlə həsrətində olduqları doğma torpaqlarına qovuşmağın sevincini yaşayırlar. Bu gün Laçında həyat yenidən canlanır, küçələrdə uşaqların səsi eşidilir, evlərdə işıqlar yanır.
Laçın artıq yalnız tariximizin ağrılı səhifəsi deyil. Laçın bu gün Böyük Qayıdışın, dirçəlişin və Zəfərin canlı simvoludur.
26 Avqust – Laçınlıların doğma yurda qayıdışının, doğma el-obanın yenidən nəfəs almasının rəmzidir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov