Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi xətti mühüm yer tutur. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Dünyada cərəyan edən ziddiyyətli proseslər və mövcud geosiyasi reallıqlar fonunda bu, böyük əhəmiyyət daşıyır. Ortaq dəyərlərə və üst-üstə düşən strateji maraqlara malik ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edir. Bu kontekstdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur.
2026-cı il 23 avqust tarixi Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatla yaddaqalan oldu.
Ölkə başçısı bildirdi ki, Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək.
İkitərəfli münasibətlər çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir. Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım – Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, – düşünürəm ki, on, bəlkə də daha çox, – açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
Ən mühüm mexanizmlərdən biri 500 milyon dollar həcmində Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətidir: “Şirkət sənaye, tekstil, kənd təsərrüfatı, tikinti materialları və logistika sahələrində birgə müəssisələri maliyyələşdirir və qarşılıqlı investisiyaların əsas alətinə çevrilib. Azərbaycanın Özbəkistandakı investisiyaları artıq ticarətdən daha geniş miqyas alıb və əsasən sənaye, energetika və tikinti sahələrini əhatə edir. Neft-qaz sektorunda əsas layihələrdən biri kimi SOCAR və “Özbəkneftqaz”ın Üstyurt bölgəsində 6 neft-qaz blokunun kəşfiyyatı və işlənməsi üzrə birgə həyata keçirdiyi layihəni göstərə bilərik. SOCAR layihənin operatorudur. Azərbaycan şirkətləri Özbəkistanda yaşayış, şəhərsalma və infrastruktur layihələrində iştiraklarını genişləndirir. Həmçinin “Sea Breeze Uzbekistan” Azərbaycanın özəl kapitalının Özbəkistana ən iri investisiya layihələrindən biridir. Layihə Çarvak gölü sahilində müasir turizm və yaşayış şəhərciyinin yaradılmasını nəzərdə tutur. İnvestisiya həcmi mərhələli şəkildə 5 milyard dollara qədər qiymətləndirilir və minlərlə yeni iş yeri yaradacaq. “Sea Breeze Uzbekistan” layihəsi göstərir ki, Azərbaycan–Özbəkistan əməkdaşlığı artıq yalnız ticarətlə məhdudlaşmır, qarşılıqlı birbaşa investisiyalar və turizm infrastrukturu sahəsində də strateji mərhələyə daxil olub.
Prezident İlham Əliyevin Özbəkistan səfəri yalnız ikitərəfli görüş deyil, Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində yeni strateji arxitekturanın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Bu səfərin əsas mesajı ondan ibarətdir ki, Azərbaycanın Mərkəzi Asiyaya çıxış qapısı, Özbəkistanın isə regionun ən böyük iqtisadi güclərindən biri kimi qarşılıqlı əlaqələrinin güclənməsidir. Geoiqtisadi baxımından iki ölkə arasında əməkdaşlıq artıq ticarətdən istehsal və investisiya mərhələsinə keçir. Orta Dəhliz üzrə yükdaşımalarının genişlənməsi, Bakı–Tbilisi–Qars xətti ilə Avropaya çıxış, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, “Sea Breeze Uzbekistan” kimi iri özəl investisiya layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Bu model Azərbaycanı logistika mərkəzi, Özbəkistanı isə istehsal və xammal bazası kimi bir-birini tamamlayan iki etibarlı iqtisadi tərəfdaşa çevirir.
Niyaməddin Əsgərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini