Azərbaycan–Türkmənistan tərəfdaşlığı Orta Dəhlizin inkişafına mühüm töhfə verir

Azərbaycan-Türkmənistan münasibətləri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşan dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində iki ölkə arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib. 2017-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərimiz ötən dövr ərzində dinamik inkişaf edib.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün Bakı ilə Aşqabad arasında münasibətlər geniş regional və geosiyasi məzmun daşıyır. Türk dünyasının beynəlxalq münasibətlər sistemində siyasi və iqtisadi inteqrasiyasının gücləndiyi bir dövrdə Azərbaycan-Türkmənistan əməkdaşlığı xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkmənistanın da fəal dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilib. Bu hadisə də münasibətlərimiz baxımından xüsusi tarixi əhəmiyyətə malikdir. Digər tərəfdən Xəzər dənizi dövlətləri birləşdirən strateji əməkdaşlıq məkanına çevrilir. Bu prosesdə də Azərbaycan və Türkmənistan əsas iştirakçılar hesab olunur.

“Ölkələrimiz arasında münasibətlərin əsasını qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və qardaşlıq prinsipləri təşkil edir. Bu gün ölkələrimiz arasında formalaşan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin yaradır. Təbii ki, qlobal geosiyasi proseslər, beynəlxalq ticarət marşrutlarında baş verən dəyişikliklər və nəqliyyat təhlükəsizliyi məsələləri fonunda Azərbaycan-Türkmənistan əməkdaşlığının əhəmiyyəti daha da artır. Xüsusilə Orta Dəhlizin beynəlxalq əhəmiyyətinin yüksəldiyi indiki şəraitdə Bakı ilə Aşqabad arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Həmçinin zəngin enerji resurslarına malik ölkələrimizin bu istiqamətdə də əməkdaşlığı genişləndirmək imkanları böyükdür.

Azərbaycan xalqı azad olunmuş torpaqlarımızda aparılan tikinti-quruculuq proseslərinə qardaş ölkələrin verdiyi dəstəyi hər zaman çox yüksək qiymətləndirir. Bu xüsusda, Türkmənistan tərəfindən Füzuli şəhərində məscidin tikintisi xalqlarımız arasında mövcud olan qardaşlığın təzahürüdür”, – deyə Şahin İsmayılov vurğulayıb.