Qərb-Şərq polemikasına son günlər ABŞ-İran-İsrail münasibətləri fonunda baxmaq lap yerinə düşər. ABŞ müharibə ilk başlayanda İranın ali dini liderini zərərsizləşdirməklə məsələnin rahatlıqla həll olunacağını düşünürdü. Siqnallar tam aydın idi: təngə gəlmiş əhali, azadlıq istəyən türklər, silahlanmağa(bəlkə də silahlanmış) hazır kürdlər və rejimin edam maşınında hər gün öldürülən vətəndaşlar. Bunlar ABŞ-a İrana demokratiya gətirmək üçün tam kifayət idi. Belə vəziyyətdə bir aviazərbə endirilir, xalq ayağa qalxır, rejim devrilir, ABŞ isə xilaskar kimi meydana daxil olur- deyə qurulmuşdu bəlkə də bu plan.
Unudulan məqam o idi ki, Bağdad, Liviya və ya Misirdən fərqli olaraq İranda din amili üstündür. Dini rəhbərin öldürülməsi onu sevməyən insanları belə, onu öldürən “kafir”ə qarşı mübarizə ətrafında birləşdirdi. Həm də, Bağdad hadisələrində olduğu kimi digərlərində ABŞ dəstək göstərir, xalq isə onu idarə edən rejimi devirmişdi. Bu halda rejim rəhbərini ABŞ dronu və ya mərmisi yox, xalqın soyuq və qabarlamış “əl”i öldürürdü. Xalq “təmiz kar” olandan sonra ABŞ olurdu “tər, təmiz xilaskar”. İranda isə fərqli ssenari, gözlənilməz nəticələr verdi.
Rəhbərsiz qalan SEPAH potensial olaraq hər kəsə hücuma başladı. Xalq daxildən birləşdi və rejimi qorudu. Bəlkə də dini rəhbərin hakimiyyəti vaxtında verilməsi mümkünsüz olan bütün irrasional qərarlar generallar tərəfindən rahatlıqla qəbul edilərək icra olundu. Təbii ki, qərbliləri ən çox sevdikləri şeydən, yəni puldan vurmaq lazım idi. Hörmüz boğazını bağlamaq qərarı ilə bu məsələ də həll olundu.
Yaxşı, nəticə nədir deyə soruşsanız, cavab qısa olar- hələki heç nə. Müharibə başlayanda hakimiyyət dəyişikliyinin zəruriliyini deyən ABŞ bu gün legitim və leqal saymadığı hakimiyyətlə danışıqlara gedir, razılıq bağlayır. Bunlar azmış kimi, təzminat ödəyir və indiyədək ödənişsiz olan Hörmüzdən ödənişli istifadəyə keçir.
Qərb və Şərq çəkişməsində din və patriotluq amili Qərbi məğlubiyyətlə üz-üzə qoyur. Sonra Qərb diplomatik imkanlardan yararlanmağa çalışır və həll edəcəyini düşündüyü problemin artıq həll oluna bilməyəcək səviyyəyə çatdığını anlayır. Məsələnin həll düsturu tapılmır və İsrail yenə Livanı bombalayır.
Beləliklə, Şərqin unikallığı bir daha özünü dünyaya təsdiqləyir. Qərblilərin A-dan Z-yə marşrut üzrə planlaması Şərqin unikallığının kölgəsində yoxa çıxır. Qərb Şərqi öz ssenarisinin oyunçusu saymaqla, Şərqin çoxdan qurduğu oyunda əsaa oyunçuya çevrildiyini gec dərk etdi. Beləliklə də qalibiyyət güclü hərbdə və ya nüvə silahında olmadı.
Necə deyərlər, 60 gündən sonra bilinər kim yaxşıdır, kim pis. O da bilinsə…
Siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev