“Zamanı Aşan Qəhrəmanlıq: Gənclər üçün Rəqəmsal İrs” layihəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) icrası ilə həyata keçirilən “Zamanı Aşan Qəhrəmanlıq: Gənclər üçün Rəqəmsal İrs” layihəsi çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlər uğurla başa çatmışdır.

Layihənin əsas məqsədi Azərbaycanın şanlı qəhrəmanlıq salnaməsini müasir rəqəmsal texnologiyalar vasitəsilə gənc nəslə çatdırmaq, milli yaddaşı gücləndirmək və tarixi irsimizi innovativ üsullarla təbliğ etmək olmuşdur.

Layihə çərçivəsində Vətən Müharibəsi Qəhrəmanları Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, polkovnik Telman Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rəşad Qasımlı, həmçinin tankçı Azər Abdullazadə ilə görüşlər təşkil edilmişdir. Hər bir görüşdə 50 nəfərdən çox fəal gənc iştirak edərək qəhrəmanlarımızın döyüş yolu, vətənpərvərlik nümunəsi və şəxsi təcrübələri haqqında birbaşa onların öz dilindən məlumat almaq imkanı əldə etmişdir. Görüşlər zamanı Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə tərəfindən Vətən Müharibəsi Qəhrəmanlarına gənclər adından təşəkkür plaketi təqdim edildi.

Layihənin mühüm istiqamətlərindən biri də rəqəmsal irsin qorunması və təqdimatında innovativ texnologiyaların tətbiqi olmuşdur. Süni intellekt (AI) texnologiyalarından istifadə edilməklə Vətən uğrunda canından keçmiş 5 şəhidimizin əziz xatirəsinə həsr olunmuş, onların həyat və döyüş yolunu əks etdirən xüsusi videoçarxlar hazırlanmış, eyni zamanda Vətən müharibəsinin ümumi qəhrəmanlıq ruhunu və Zəfər yolunu əks etdirən konseptual multimedia məhsulu yaradılmışdır.

Layihənin digər mühüm nəticələrindən biri isə Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş Virtual Muzey platformasının yaradılmasıdır. Bu rəqəmsal platforma istifadəçilərə tariximizin qəhrəman simaları ilə istənilən zaman interaktiv şəkildə tanış olmaq imkanı yaradır, eyni zamanda milli irsimizin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdılmasına xidmət edir.

Dünya Azərbaycanlıları Gənclər Təşkilatı bu layihə vasitəsilə texnologiyanı milli dəyərlərin xidmətinə verərək Azərbaycan gəncliyində vətənpərvərlik ruhunun gücləndirilməsinə, tarixi yaddaşın rəqəmsal platformalarda qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə vermişdir.