Deputat: Baş verən təxribat cəhdləri anti-Azərbaycan mərkəzlər tərəfindən idarə olunur

Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı dövlət başçımızın qlobal siyasi lider kimi nüfuzundan xəbər verir. Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla səmimi görüş Bakı-Vaşinqton münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi.

Toplantıda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının nümunə kimi təqdim edilməsi isə həm də rəsmi Bakının qlobal sülhə töhfəsinə verilən qiymətdir.

Azərbaycan Sülh Şurasında təmsil olunmaqla Qəzza başda olmaqla mövcud münaqişələrin həllinə də töhfə verməyə hazırdır. Belə nüfuzlu tədbirin fonunda xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsürün təxribat cəhdi isə sadəcə təəssüf doğurur.

Qeyri-etik davranışlarla diqqət cəlb etməyə çalışan bu ünsürlər açıq şəkildə təhlükəsizlik kordonunu yarmağa cəhd göstərdilər. 

Prezidentin Mühafizə Xidməti qorunan nəqliyyat vasitəsinə fiziki müdaxilə və ya hərəkətin qarşısının alınması cəhdlərini ciddi təhlükəsizlik riski kimi qiymətləndirərək dərhal müdaxilə edib. Görülən tədbirlər yalnız təhlükəsizliyin təmin edilməsinə yönəlib.

ABŞ Məxfi Xidmətinin ictimai açıqlamasında da qeyd olunur ki,  hotel ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxildir. 

Təhlükəsizlik tədbirləri isə məqsədli şəkildə təhrif olundu və əsassız iddiaların yayılmasına cəhdlər oldu.

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək təxribat cəhdinin qarşısını aldılar.

Bu təxribatlar şübhəsiz ki, anti-Azərbaycan mərkəzlər tərəfindən idarə olunur.

Hadisədən dərhal sonra ABŞ-dakı radikal erməni lobbi təşkilatlarından olan Erməni Milli Komitəsi və ABŞ Konqresinin üzvü Frank Pallonenin ölkəmizə qarşı  böhtan xarakterli bəyanatlarının intensivləşməsi təsadüfi deyil. Aydın görünür ki, Azərbaycanın qalib, qlobal sülhün  təşviqatçısı, enerji təhlükəsizliyinin təminatçısı kimi mövqelərinin möhkəmlənməsi qərəzli qüvvələri narahat edir. Xüsusilə Bayden-Blinken administrasiyasının dövründə gərginləşən Azərbaycan-ABŞ münasibətlərinin yüksək dinamika ilə inkişafı da bu qərəzli dairələrdə qısqanclıqla qarşılanır.

Azərbaycan Prezidentinə qarşı şəxsi müstəvidə hücumların təşkili birbaşa milli maralarımıza yönəlmiş təzyiq cəhdidir. Bu aksiyaların təşkilatçıları da, onun icraçıları da Azərbaycanın uğurlarını həzm etməyən, ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa can atan qərəzli dairələrdir.

Lakin bu cür radikal qruplar heç bir halda məqsədlərinə çata bilməyəcəklər. ABŞ təhlükəsizlik əməkdaşlarının prosesə müdaxiləsi isə bir daha göstərdi ki, rəsmi Vaşinqton Bakı ilə münasibətlərin yüksək səviyyədə inkişafında maraqlıdır.

Radikal konqresmenlər və lobbi təşkilatlarının cəfəng bəyanatları isə Ağ Evin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

Mİlli Məclisin deputatı Könül Nurullayeva