“Develup” adlı innovativ onlayn platformanın yaradılması uğurla tamamlandı.

Layihə Nurlan Şıxməmmədovun rəhbərliyi ilə həyata keçirilmiş və gənclərə bilik əldə etmək, ideyalarını bölüşmək və inkişaf imkanlarını genişləndirmək üçün yeni rəqəmsal mühit təqdim etmişdir.

Layihənin əsas məqsədi gənclərin yaradıcılıq potensialını artırmaq, onların bilik və təcrübəyə daha asan çıxışını təmin etmək və karyera inkişafında istiqamətləndirici bir resurs formalaşdırmaq idi. Bu məqsədlə platformada müxtəlif sahələr üzrə mentorların iştirakı ilə 5 dəqiqəlik motivasiyaedici videolar hazırlanaraq yerləşdirilmiş, hər bir video gənclərə şəxsi inkişaf, sosial fəallıq və peşəkar istiqamətləndirmə sahələrində praktiki tövsiyələr təqdim etmişdir.

Platformada Mentordan Dərslər: Maliyyə Təcrübələri mövzusunda Nurlan Şıxməmmədov, Sosial İş Təcrübələri üzrə Elnarə Əliyeva, Tibb Təcrübələri mövzusunda Zeynəb Əlizadə, Data Analitik Təcrübələri barədə Emil Abdullayev, Jurnalist Təcrübələri üzrə Akif Mahmudov, Designer Təcrübələri mövzusunda Muhammed Babayev, eləcə də Beynəlxalq Münasibətlərdə Həqiqi Təcrübələr mövzusu üzrə Nazrin Süleymanova tərəfindən təqdim edilən videomateriallar gənclərin gündəlik inkişaf ehtiyaclarına uyğun hazırlanmış, həm motivasiyaedici, həm də praktik yönümlü mesajlar ötürmüşdür.

Platformanın mühüm yeniliklərindən biri də gənclərin yaradıcı potensialını dəstəkləmək məqsədilə hazırlanan “İdea Bankı” bölməsidir. Bu bölmə istifadəçilərə öz innovativ ideyalarını təqdim etmək, digər gənclərlə fikir mübadiləsi aparmaq və seçilmiş təşəbbüslər üzrə istiqamətverici tövsiyələr almaq imkanı yaradır. İnteraktiv strukturda hazırlanmış “İdea Bankı” gənclərin kreativ düşünməsini stimullaşdıran alqoritmlərlə zənginləşdirilmişdir.

Layihə çərçivəsində platformanın dizaynı, texniki infrastrukturu, istifadəçi dostu interfeysi və funksional modulları hazırlanmış, video-məzmunun çəkilişi və montajı peşəkar şəkildə icra edilərək sistemə əlavə edilmişdir. Sayt istifadəyə verilməzdən əvvəl UI, UX və təhlükəsizlik testlərindən keçirilmiş və stabil fəaliyyət üçün optimallaşdırılmışdır.

“Develup” layihəsi gənclər üçün çevik öyrənmə, innovasiya və şəxsi inkişaf imkanları yaradan müasir rəqəmsal məkan yaradaraq onların motivasiyasının artırılmasına mühüm töhfə vermişdir. “Develup” platforması uzunmüddətli istifadəyə uyğun hazırlanmışdır və gələcəkdə gənclərin inkişaf ehtiyaclarına uyğun olaraq genişləndirilməsi planlaşdırılır. Platformaya premium məzmunun əlavə edilməsi, ekspertlər tərəfindən hazırlanan ödənişli seminarların keçirilməsi və istifadəçilərlə mütəmadi əlaqənin saxlanılması layihənin davamlılığını təmin edəcək.